Avtoqraflarda naxışlanan ömür
Azərbaycan mətbuatında, mədəniyyət tarixində məxsusi yeri olan sənətşünaslıq doktoru, professor İlham Rəhimli çoxcəhətli yaradıcılıq yolu ilə seçilən alim və pedaqoqdur. Yazılarımın birində söyləmişdim ki, o, teatrşünaslıq elminin keşiyində vicdanla dayanıb. Bu, danılmaz bir həqiqətdir. Böyük zəhmət, hünər və fədakarlıqla Azərbaycan teatrının salnaməsini yaradan İlham Rəhimli bu sahənin çağdaş dövrü barədə dəyərli monoqrafiyaların müəllifidir. Aktyorluq məktəbinin elə bir mərhələsi yoxdur ki, sənətşünasın qələmi ora güzgü tutmasın.
Əlbəttə, məqsədim bu görkəmli sənətşünasın yaradıcılıq yolundan söz açmaq deyil. Ötən il mənə “Avtoqraflar” adlı miniatür bir kitab bağışlamışdı. Açığı, birinci dəfəydi ki, bu məzmunda və mövzuda kitab görürdüm. “Apostroff” nəşriyyatında işıq üzü görən bu bir ovuc kitabda İlham Rəhimliyə bağışlanmış kitablara yazılan avtoqraflar toplusunun söz ətirli çələngi toplanıb. Kitabda əslində bir sənətkar ömrünün ardıcıllıqla və mükəmməl şəkildə əks olunduğunu gördüm. İlham Rəhimliyə bağışlanan nəşrlərdə, yazılan avtoqraflarda səmimiyyət, duyğu və düşüncələr həm İlham Rəhimli yaradıcılığına, şəxsiyyətinə ünvanlanan konkret rəy və dəyərli fikir, həm də qarşı tərəfin münasibəti kimi çox maraqlıdır.
Ötən əsrin 70-ci illərindən başlayaraq 2012-ci ilin yarısına kimi İlham Rəhimliyə bağışlanmış kitablarda yazılan avtoqrafların bu kitabda cəmləşməsi ayrı-ayrı müəlliflərin onun haqqında söylədiyi fikirlərin bir məcraya yönəlməsi ilə bərabər, eyni zamanda tamlıq, bütövlük yaradır. Müxtəlif fikirlərin ünvanı bir şəxsiyyətdir və qəhrəmanın bütün məziyyətləri bu münasibətdə çox aydın görünür. Deyək ki, 1970-ci ildə yazıçı Əli Səmədli bağışladığı kitabında belə yazırdı: «Sevimli tələbəm İlham! Sənə həyatda ancaq vaxtın qiymətini bilməyi tövsiyə edirəm. Vaxtını öldürənlər özlərini öldürürlər».
Bir müddət - 80-ci ilə kimi bağışlanan kitablarda məhz belə tövsiyələr, məsləhətlər öz əksini tapıb. Artıq məktəblidən tələbəyə, tələbədən mütəxəssisə qədər bir yol keçən İlham Rəhimli qələmi ilə diqqət mərkəzindədir. Bu zaman ona bağışlanan kitablarda yaradıcılığı, qabiliyyəti haqqında söz deyilir. Məmməd Araz «Həyatın və sözün rəngləri» adlı kitabındakı avtoqrafında yazırdı: «Özünün və qələminin səmimiyyəti bir-birinə oxşar qələm dostum İlhama».
O zaman mətbuatda çalışan İlham Rəhimlinin yazıları həm oxucuların, həm də ustad sənətkarların diqqətini çəkirdi. Həmin ərəfədə də ona bağışlanan kitablarda məhz bu inam, bu münasibət özünü göstərirdi. Xalq şairi Nəbi Xəzri öz avtoqrafında İlhamı belə təqdim edirdi: «İncəsənətimizi incə ürəklə sevən, xalqına, elinə, zəmanəsinə dərin köklərlə bağlı olan əziz dostum İlham Rəhimliyə müəllifdən».
Boyca balaca, mətləbcə geniş məzmuna, dərin fikirlərə malik olan bu kitabda İlham Rəhimli «Ehtiramlara ehtiramım» adlı ön sözdə yazır: «Mənə ünvanlanan bütün sözlər ehtiramla, məhəbbətlə, səmimiyyətlə, ilıq məhrəmliklə, xoş məramla, qanadlı arzularla, saf duyğularla yoğurulub. Bu ehtiramı, bu məhəbbəti, bu səmimiyyəti, bu istiliyi, bu məlhəmliyi qorumaq, həmin məramlara, həmin arzulara, həmin duyğulara çıraq tutmaq üçün «Avtoqraflar»ı oxucularıma ərməğan edirəm». Həqiqətən də çox gözəl təşəbbüs və yaxşı düşünülmüş bir məramdır. Həm avtoqraf yazan müəlliflərin fikirləri oxucuya maraqlıdır, həm də bu sırada qəhrəmanın il-il, söz-söz ucalmasının şahidi olursan.
Kitabdan kitaba İlhamı artıq tanınmış söz adamı, istedadlı jurnalist kimi təqdim edirlər. Onun şəxsiyyətinə hörmət və ehtiram bilinir. Xalq yazıçısı Elçin ona bağışladığı kitabında öz fikirlərini belə bildirir: «İstedadlı tənqidçimiz, qeyrətli dostum İlhama ən səmimi arzularla müəllifdən».
İllər ötdükcə avtoqrafların məzmunu da dəyişir. Hətta şairlər sənətşünasa şeirlər də yazıblar. Xəlil Rza Ulutürk 1981-ci ildə qəhrəmanımıza bağışladığı «Maqsud Şeyxzadənin bədii yaradıcılığı» adlı kitabında avtoqraf yerinə şeir ərməğan edib:
Qaraqaş, qaragöz, ortaboy, mətin -
Cəsur övladısan bu məmləkətin.
Savalan boydadır gücün, qüdrətin,
Arxam, arxadaşım - İlham Rəhimli,
Mehriban qardaşım, İlham Rəhimli.
Unudulmaz Şahmar Əkbərzadənin də qələm dostuna ünvanladığı şeirdə müəllifin iç dünyası və səmimiyyəti hiss olunur:
Şairə rəhm
etmir hər zaman ilham,
İlhamdan yaranan nə bəxtiyardır!
Dünyada xoşbəxtlər xoşbəxtiyəm
mən,
Mənim öz Rəhimli
İlhamım vardır.
Həmişə
hədiyyələrində tənqidçi və ədəbiyyatşünas kimi
öz təfəkkür
məziyyətlərini də
əks etdirən Bəkir Nəbiyev «Özümüzdən başlayaq»
kitabını İlham
Rəhimliyə bağışlayarkən
yazdığı avtoqrafda
məslək dostunun bir sıra şəxsi
keyfiyyətlərini də
qələmə alıb:
«Ədəbiyyat və
incəsənətimizin yorulmaz
tədqiqatçısı və ilhamlı təbliğatçısı dostum
İlham Rəhimliyə
böyük səadət
arzulayır və bu kitabı yadigar verirəm».
Dövlət müstəqilliyimizin bərpasından sonra bağışlanan kitablarda
bu fərəhdən doğulan ruh da özünü göstərir. Məsələn,
Ənvər Əhməd
«Qanlı torpaq» kitabını qələm
dostuna bu istəklə bağışlayıb:
«Xalqımızın qeyrətli
oğlu, mərd, böyük sənətşünası
- filoloq alim, iti qələmli, dərin zəkalı, istedadlı, yazıçı-publisist,
milli ləyaqətli dostum İlham Rəhimliyə - ən dəyərli bir insana müəllifdən xatirə».
1996-cı ildə İlham Rəhimlinin «Füzuli meydanında sənət məbədi» kitabı çapdan çıxıb.
Akademik Milli Dram Teatrının çağdaş truppasının
sənətkarlarına, əsərləri
repertuarda olan müasir dramaturqların tərcümeyi-hallarına həsr
edilmiş həmin nəşrdə sənətkarlar
öz portretlərinin
yanında avtoqraflar yazıblar. Onların da ürək
sözləri çox
maraqlıdır. Məsələn,
Bəxtiyar Vahabzadə
fikrini belə ifadə edib: «Əzizim İlham, sən bu kitabınla
millətimizə əvəzsiz
xidmət etmisən». Xalq artisti Lütfi
Məmmədbəyov isə
öz razılığını
belə dilə gətirib: «İlham bəy, bizi tarixə keçirdiyinizə
görə min dəfə
sağ olun». Unudulmaz Həsən Məmmədov isə öz duyğularını
belə naxışlayıb:
«Sənətə hörmət,
sənətkarlara verilən
böyük qiymətin
bu kitabda çox yüksək səviyyədə göründü.
Kitabdakı sənətə qiyməti biz sizə veririk. Hələ ki böyüklüyünüzü
bilmirsiniz».
Maraqlıdır, bütün aktyor
truppası onların barəsində belə bir mükəmməl və maraqlı kitab ərsəyə gətirən müəllifə
ürək sözlərini
deməkdən, təşəkkür
bildirməkdən sanki
zövq alıblar.
Xalq artisti Laləzar Mustafayeva müəllifin zəhmət
və əziyyətini
də yüksək dəyərləndirir: «Sənət
yolunda təmənnasız,
əvəzsiz xidmətlərinizə
görə çox sağ olun».
Beləliklə, qanadlı illər
bir-birinə bağlanaraq
ötməkdədir. Ömür yolunun
50-ci pilləsinə ucalan
vaxt aktyorlar, sənət adamları, yazıçılar, şairlər,
bir sözlə, onu sevənlər İlham Rəhimliyə bir təbrik boğçası hazırlayıblar.
Həmin
söz çələnginin
də gülləri bir-birindən ətirli və xoşnəfəslidir.
Unudulmaz Həsənağa
Turabov uzun illər bir teatrda çalışdığı
İlham Rəhimlini belə xarakterizə edib: «Mehriban dostum, görkəmli teatr bilicisi İlham, sən teatrımızın vicdanısan».
Doğrudan da, çox
böyük qiymətdir
və həqiqətdir.
İllər onun ömür
kitabını vərəqlədikcə
yazılan avtoqraflarda da bu ovqat
duyulur. Etnoqraf alim Arif Mustafayev
səmimi duyğularını
belə bildirir: «Dəyanət və ləyaqətin qəhətə
düşdüyü indiki
zəmanədə ziyalılar
arasında ziyası, abır-həyası hələ
də üzündə
qalmış əməlisaleh
insan görəndə
sevinməyə bilmirsən.
Nurlu çöhrənizi uzaqdan-uzağa,
telekanallarda gördüyüm,
söhbətlərindəki səmimiyyətinə, elmi
təfəkkür və
milli duyğularına
məftun olduğum qiyabi qələm dostum İlham Rəhimliyə». Bu avtoqraflarda demək olar ki, İlham
Rəhimli yaradıcılığının
məziyyətləri də
görünməkdədir. Xalq artisti Amaliya
Pənahova böyük
hörmət və ehtiramla qələmə aldığı sözlərində
İlham Rəhimli yaradıcılığını belə dəyərləndirib:
«Böyük alim, Azərbaycan teatr tarixinin tədqiqatçısı,
sənətkarlarımızı abidələşdirən hörmətli
İlham bəyə».
Bu avtoqrafları
oxuduqca hərdən fikirləşirəm ki, İlham Rəhimli haqqında ayrıca bir məqalə yazmağa heç ehtiyac yoxdur. Çünki bu kitabda cəmlənən yüzlərlə
müəllifin ürək
sözlərində bizim
hörmətli qələm
dostumuzun, sənətşünasın
həm yaradıcılığı,
həm də şəxsiyyəti haqqında
elə orijinal, qiymətli fikirlər var ki, hərdən
bunları oxumaq bəs edər ki, sən İlham
Rəhimlinin kimliyini
lap dəqiqləşdirəsən. Bu fikri deməkdən
bir qürur duyuram ki, mən
İlham Rəhimlini özümə həmişə
müəllim saymışam.
Baxmayaraq
ki, onun tələbəsi olmamışam.
Amma teatr aləmi və aktyor dünyası ilə maraqlanandan həmişə
diqqətlə oxuduğum,
tez-tez müraciət etdiyim məhz bu sənətşünasın
yazdığı kitablar
olub. Elə bu istək və təşəkkürün
nəticəsi olaraq ona bağışladığım
kitabda yazdığım
avtoqrafı bu nəşrdə görəndə
çox sevindim.
Həm yazımın sonluğu, həm də öz fikrim kimi yenidən
onu oxucuların diqqətinə çatdırıram:
«Yazdıqlarını maraqla
oxuduğum, bəhrələndiyim,
qələminə və
şəxsiyyətinə böyük
hörmətim olan müəllimim, həmkarım
və istəkli qardaşım İlham Rəhimliyə xoş duyğularla müəllifdən.
Ustada kitab bağışlamaq cəsarətdi, amma ustad ikiqat istedadlı
olanda qorxusu yoxdur».
Beləcə, avtoqraflarda naxışlanan
bir ömrün məna çalarları çoxrənglidir. Hər
rəngin də öz ovqatı və təsiri var. Böyük zəhmət və fədakarlıqla bu avtoqrafları bir yerə toplayaraq
kitab halında oxuculara təqdim edən İlham Rəhimliyə bir də ona görə
minnətdaram ki, o, bu qiymətli sözlərin həm itib-batmasına imkan vermədi, həm də oxuculara çatdırdı. Beləliklə
də, həm özünü, həm də ona yazılan
sözlərin müəllifini
tanıtmaq baxımından
çox təqdirəlayiq
bir iş görüb. Bu avtoqrafların
sayı o qədər
çox olsun ki, gələcəkdə
miniatür kitaba yox, daha böyük
nəşrlərə sığışdıra
bilsin.
Flora Xəlilzadə,
Əməkdar jurnalist
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 12.